Quranda qiyamət əlamətləri »
Allah inkarçıların hz.İsanı öldürmələrinə icazə verməmiş, onu Öz qatına yüksəltmişdir və qiyamətdən əvvəl yenidən yer üzünə dönəcəyini insanlara müjdələmişdir. Hz.İsanın yer üzünə dönüşü ilə əlaqədar Quranda verilən xəbərlərdən bəziləri belədir:

- Quranda hz. İsanın yer üzünə qayıdışının qiyamət üçün bir işarə olduğuna dair belə məlumat verilir:

Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi,61)

Hz. İsanın Quran endirilməmişdən altı əsr əvvəl yaşadığını bilirik. O halda, yuxarıdakı ayədə bildirilən onun ilk həyatı deyil, axır zamandakı qayıdışı qiyamət üçün bir əlamət olacaqdır. Hz. İsanın ikinci gəlişi həm xristian, həm də islam dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs qonağın yer üzünü şərəfləndirməsi ilə çox əhəmiyyətli bir qiyamət əlaməti baş verəcək.

- İsa Peyğəmbəri öldürmək üçün tələ quran inkarçıların onu qətiyyən öldürə bilmədikləri bir ayədə belə vurğulanır:

Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.(Nisa surəsi,157)

- Hz. İsanın ölmədiyi, insanların yaşadığı təbəqədən alınaraq Allah qatına yüksəldildiyi ayədə belə bildirilir:

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.(Nisa surəsi,158)

- Ali İmran Surəsinin 55. ayəsində hz. İsanın ardınca gedənlərin qiyamətə qədər inkara sapanlardan üstün ediləcəyi xəbər verilir.

Təxminən 2000 il bundan əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadıqları tarixi gerçəkdir. Dövrümüzdə yaşayan və özlərini xristian adlandıranların isə başda üç üqnum (üçləmə) olmaq üzrə bir çox azğın inancı müdafiə etdikləri, bu səbəbdən həqiqi mənada İsəvi olmadıqları da açıqdır. Çünki Quranın bir çox ayəsində üç üqnuma inananların inkara sapdıqları ifadə edilir. Deməli, qiyamət saatından əvvəlki dövrdə inkarçılara qalib gələcək həqiqi İsəvilər ortaya çıxacaq. Ali İmran surəsindəki İlahi vəd də beləcə təcəlli edəcək. Şübhəsiz, müjdələnilmiş bu birlik hz. İsanın yer üzünə dönüşü ilə meydana gələcək.

- Quranda verilən bir başqa məlumat da hz. İsanın ölümündən əvvəl bütün Əhli Kitabın özünə iman edəcəyi ilə bağlıdır:

Kitab əhlindən elə kimsə yoxdur ki, ( İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.(Nisa surəsi,159)

Bu ayədən açıqca görünür ki, hz. İsa ilə bağlı hələ reallaşmamış üç İlahi vəd vardır. İlk olaraq, İsa Peyğəmbərin hər insan kimi yaşadıqdan sonra öləcəyi bildirilir. İkinci vəd, bütün Əhli Kitabın onu cismani olaraq görəcəyi və ona yaşayarkən itaət edəcəyidir. Şübhəsiz, bu iki xəbər də hz. İsanın qiyamətdən əvvəlki gəlişində reallaşacaq hadisələrdir. Ayədəki üçüncü xəbər hz. İsanın Əhli Kitab haqqındakı şahidliyi də qiyamət günündə reallaşacaq.

- Quranda hz. İsanın ölümünü açıqlayan bir başqa ayə isə Məryəm surəsində keçir.

Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”(Məryəm surəsi,33)

Bu ayə Ali İmran surəsinin 55. ayəsi ilə birlikdə araşdırıldığında çox əhəmiyyətli bir gerçəyə işarə edir. Ali İmran surəsindəki ayədə hz. İsanın Allah qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə ya da öldürülmə ilə əlaqədar məlumat verilir. Ancaq Məryəm surəsinin 33. ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər. (Ən doğrusunu Allah bilir)

- Hz. İsanın yer üzünə qayıdışına işarə edən bir başqa ayə belədir:

Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi,48)

Bu ayədə keçən "kitab" sözünün nəyi ifadə etdiyini anlamaq üçün mövzu ilə əlaqədar digər Quran ayələrinə baxdığımızda bunu görürük: Tövrat və İncil ilə birlikdə eyni ayədə istifadə edildiyi halda, “kitab” Quran mənasını ifadə edir; Ali İmran Surəsinin 3. ayəsi buna nümunə kimi verilə bilər. Bu vəziyyətdə, 48. ayədəki hz. İsanın öyrənəcəyi bildirilən kitab da ancaq Quran ola bilər. İsa Peyğəmbərin bundan təxminən 2000 il əvvəlki həyatında Tövrat və İncil haqında məlumat sahibi olduğu bilinir. Quranı öyrənməsinin isə yer üzünə yenidən gəlişində reallaşacağı açıqdır.

- Ali İmran surəsinin 59. ayəsindəki "Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir" ifadəsi də olduqca diqqət çəkicidir. Bu ayədə iki peyğəmbər arasındakı bəzi bənzərliklərə diqqət çəkilmişdir. Bilindiyi kimi, həm hz. Adəm, həm də hz. İsa atasızdır. Bundan başqa, yuxarıdakı ayədə hz. Adəmin cənnətdən yer üzünə endirilməsi, hz. İsanın axır zamanda Allah qatından yer üzünə endirilməsinə də bənzədilmiş ola bilər.

- Hz. İsanın təkrar dünyaya gələcəyi ilə əlaqədar bir başqa dəlil isə Maidə surəsi 110. ayədə və Ali İmran surəsi 46. ayədə keçən "kəhlən" sözüdür. Ayələrdə bu şəkildə buyurulur:

“Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...” (Maidə Surəsi, 110)

“O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”..(Ali imran Surəsi, 46)

Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa üçün istifadə edilir. Hz. İsanın yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” sözünün mənası “otuz-əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, kamil yaşına çatmış kimsə” şəklindədir. Bu söz İslam alimləri arasında ittifaqla “35 yaş sonrası dövrə işarə edir”  kimi tərcumə edilir.

Hz. İsanın gənclik yaşı olan otuz yaşından əvvəl Allah Qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hədisə istinad edən İslam alimləri, hz. İsanın yaşlılıq dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən bu ayənin hz. İsanın nüzuluna dair bir dəlil olduğunu söyləyirlər. (Məhəmməd Xəlil Herras, Faslul-Makal fi Refi İsa Hayyen və Nüzulihi və Katlihid-Deccal, Mektebetüs Sünne, Qahirə, 1990, s. 20)

Burada əhəmiyyətli bir mövzunu daha xatırlatmaqda fayda vardır: Hz. Məhəmməd Allahın insanlara göndərdiyi son peyğəmbərdir. Allah Peyğəmbərimizə (s.ə.v) Quranı vəhy etmiş və qiyamətə qədər bütün insanları Qurana tabe olmaqla məsul tutmuşdur. Hz. İsa da axır zamanda möcüzə olaraq dünyaya gələcək, ancaq Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, yeni bir din gətirməyəcək. Peyğəmbərimiz (s.ə.v) tərəfindən insanlığa çatdırılan haqq din - Quranda bildirilən İslam dinidir və hz. İsa da yer üzünə ikinci gəlişində Qurana tabe olacaq.

(Hz. İsanın axır zamanda yer üzünə dönüşü ilə əlaqədar Qurandan digər dəlillər, Peyğəmbərimizin (s.ə.v) hədisləri və İslam alimlərinin şərhləri üçün saytımızda yer alan hz. İsa Axır Zamanda Yer üzünə Dönəcək hissəsinə baxa bilərsiniz.)

İzlənmə sayı: 3379