“Kəhf” surəsindən axırzamana işarələr »

Hz. Musa və gənc köməkçisinin "iki dənizin birləşdiyi yerə" etdikləri səfər

Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam edəcəyəm”. (Kəhf surəsi, 60)

Bu ayədə istifadə edilən "gənc" sözü ilə gənc insanların da köməyini almağın və onlarla birlikdə hərəkət etməyin əhəmiyyətinə işarə edilə bilər.

Gənclərin yaşlarının gətirdiyi enerjilərini, dinamikliklərini, güclərini, şövq və həyəcanlarını Allah razılığı üçün xeyir işlərində istifadə etmələrini təşviq etmək lazımdır. Belə ki, ayələrdə də bu mövzuya diqqət çəkilir, hz. Musaya qövmündən yalnız çox az gəncin iman etdiyindən bəhs edilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

“Kəhf” surəsinin 60-cı ayəsində diqqət çəkilən başqa bir mövzu isə hz. Musanın üzərində dayandığı görüş yeridir. Hz. Musa çıxdığı səfərdə bir adamla görüşməni hədəfləyir və özünə bu görüş yerinin "iki dənizin birləşdiyi bir bölgə" olaraq bildirildiyi aydın olur.  Hz. Musanın bəhs etdiyi yer də dünyadakı bu təsvirə uyğun gələn bölgələrdən hər hansı birində ola bilər.

Balıq görüş yerinin tam olaraq təyin olunmasında bir işarə olmuşdur.

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. Şübhəsiz ki, Allah’ın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah’ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Kəhf surəsi, 61-64)

Ayələrdən hz. Musa və gənc köməkçisinin özləri ilə yemək üçün bir balıq gətirdikləri aydın olur. Ancaq hələ yemək vaxtları gəlmədən əvvəl, Allah bu balığı ikisinə birdən unutdurmuş, balıq da onların unutduqları bu anda axıntıya doğru gedib, yanlarından uzaqlaşmışdır.

Ancaq bu unutmanın bir çox hikmətləri vardır. Allah bir xeyir və hikmətlə ikisinə birdən yeməklərini unutdurmuşdur. Hz. Musanın iki dənizin birləşdiyi yerə gəlməsinin səbəbi Kəhf surəsinin davamında haqqında məlumatlar verilən əhəmiyyətli və müqəddəs bir şəxslə görüşməkdir. Qədərdə təyin olunmuş bu yerə çatmaq üçün hz. Musa və gənc köməkçisi uzun zaman keçirmişlər. Ancaq bu görüşmənin tam yerinə çata bilmək üçün daha çox detala ehtiyacları vardır. Çünki iki dənizin birləşdiyi yer olaraq təsvir edilən məkan geniş bir sahəni ifadə edir. Belə geniş bir sahənin hansı nöqtəsində görüşəcəklərini bilmədən, axtardıqları adamı tapmaları çox çətin ola bilər.

Elə bu mərhələdə balığın qaçışının bir hikməti ortaya çıxır. Bu qaçış açıq bir işarədir. Çünki balıq axtardığı (hz. Xızır olduğu təxmin edilən) müqəddəs şəxs ilə hz. Musanın görüşəcəkləri yerin detalının müəyyən olunmasında bir vəzifə öhdəsinə götürmüşdür. Musa peyğəmbər və köməkçisinin unutması nəticəsində balığın qaçdığı yer onların görüş yerini təyin edir. Allah bu görüş yerini tapmağı balığın qaçışını vəsilə edərək reallaşdırmışdır.

Hz. Musanın üstün mərhəmət və elm sahibi hz. Xızır ilə görüşməsi

Onlar orada mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65)

Allah qullarına qarşı sonsuz mərhəmət sahibidir, Rəhman və Rəhimdir. Hz. Musanın görüşmək üçün yola çıxdığı hz. Xızır isə Allah’ın özünə rəhmət verdiyi bir insandır. Yəni Allah’ın Rəhman və Rəhim sifəti hz. Xızır üzərində təcəlli etmişdir. Allah, hz. Xızıra Öz Qatından üstün bir elm vermiş və onu üstün bir qul etmişdir.

Hz. Musa tabe olmaq üçün hz. Xızırdan icazə istəmişdir

Musa ona dedi ki: "Sənə öyrədilmiş doğru yolu mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi? (Kəhf surəsi, 66)

Ayələrdə keçən ifadələrdən hz. Musanın görüşəcəyi bu müqəddəs şəxs haqqında daha əvvəldən vəhy ilə detallı məlumat aldığı aydınlaşır. Bu vəziyyəti ortaya qoyan bir çox dəlil vardır. Məsələn, hz. Musa görüşəcəyi yerə olduğu yerə görə olduqca uzaq olmasına baxmayaraq, getmək üçün bir səy sərf etmişdir. Çünki orada görüşəcəyi şəxsin ona çox fayda verəcəyinə əmindir. Bunun hər hansı bir görüş olmadığını, çox xüsusi bir görüş olduğunu bilir. O səbəbdən hər cür çətinliyi nəzərə alır, uzun bir yol qət edir.

Həmçinin görüşən kimi qarşısındakı şəxsi dərhal tanımış, onun üstün əxlaqını və elmini fərq etmiş və özünə tabe olmağı tələb etmişdir. Bu da qarşısındakı şəxsin öyrədilən, müqəddəs bir şəxs olduğunun özünə əvvəldən bildirmiş ola biləcəyini göstərir. (Ən doğrusunu Allah bilər.)

Hz. Xızırın hz. Musaya verdiyi cavab

Dedi: "Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən. Axı səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən?" (Kəhf surəsi, 67-68)

Ayələrdə diqqət çəkildiyi kimi, hz. Xızır da hz. Musa haqqında detallı məlumata sahibdir. Üstəlik söhbətlərindən hz. Xızırın gələcəyə dair bəzi məlumatlara da Allah’ın bildirməsiylə sahib olduğu aydın olur.

Hz. Xızır hz. Musanın tələbini dinlədikdən sonra ona dərhal onunla birlikdə olmağa səbir göstərə bilməyəcəyini söyləmişdir. Daha heç bir hadisə olmadan, hz. Musanın necə bir rəftar göstərəcəyini bilmədən və görmədən hz. Xızırın belə bir fikirdə olması çox diqqət çəkicidir. Bunun səbəbi isə Allah’ın diləməsiylə hz. Xızırın gələcəyi bilməsidir. (Ən doğrusunu Allah bilər.)

Hz. Musa "inşaAllah" deyərək söz vermişdir

(Musa:) "İnşaAllah, məni səbr edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm" dedi. (Kəhf surəsi, 69)

Ayədə göründüyü kimi, hz. Musa hz. Xızırın söylədiyi sözlər qarşısında dərhal müsəlmanca bir rəftar göstərmiş və "İnşaAllah" -yəni "əgər Allah diləsə"- deyə cavab vermişdir. Bu söz möminlərin Allah’a olan təslimiyyətlərinin, qədərin hər an işlədiyini bildiklərinin, Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəklərinin fərqində olduqlarının bir ifadəsidir.

Hz. Xızır hz. Musadan açıqlayana qədər ona sual verməməsini istəmişdir

Dedi ki: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma." (Kəhf surəsi, 70)

Hz. Musa və hz. Xızır qissəsi ilə peyğəmbərə və elçilərə təslim olmanın əhəmiyyətinə bir daha diqqət çəkilir. Möminlər onlara dərin bir hörmət göstərməyə cəhd etməlidirlər.

Əgər edilən bir hərəkətin, ya da deyilən bir sözün hikmətləri görülmürsə, Müsəlmanın öhdəsinə düşən şey tabe olduğu elçinin və ya mürşidin hikmətlərini, izahlarını hörmətlə gözləməkdir. Bu dünyagörüşünə sahib bir Müsəlman edilənin əslində son dərəcə məqsədəuyğun və doğru olduğunu dərhal başa düşəcək və ilk başdakı rəftarının yanlış olduğunu asanlıqla anlayacaq. Necə ki, ayələrdə də tabe olunan adamın lazım olduğu zaman etdiyi işlərin, verdiyi qərarların və söylədiyi sözlərin hikmətini açıqlayacağı bildirilir. Məsələn, hz. Xızır Kəhf surəsinin bu ayəsində "mən sənə bir xəbər bildirməyincə" deyərək, hz. Musaya qarşılaşdığı hadisələrin hikmətini açıqlayacağını hiss etdirmişdir.

Hz. Xızır mindikləri gəmini deşmişdir

Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71)

Kəhf surəsinin bu ayəsindən hz. Musanın hz. Xızır ilə olan səfəri əsnasında yanına gənc yoldaşını almadığı aydın olur. Bu seçimin bir çox hikməti ola bilər. Ancaq bunlardan biri ikili təhsilin əhəmiyyətinə işarə etməsidir.

Ayədə bildirilən hadisə hz. Xızırın ilk qarşılaşdıqda ona söylədiyi səbir göstərə bilməyəcəyi hadisələrdən birinin qədərində reallaşdığı andır. Hz. Xızıra gələcəyə dair verilən məlumatın bir qismi beləcə reallaşmışdır. Hz. Musa isə qədərində yazılı olduğu üçün bu sualı vermişdir. Burada bir peyğəmbər zəlləsi meydana gəlmişdir.

Zəllə peyğəmbərlərin yanılmaları, unutmaları və ya səhvən etdikləri davranışlarına verilən addır. Bu zəllələrin hər biri çox böyük xeyirlərlə və hikmətlərlə elçilərin qədərlərində yaradılır. Qədərdə hər bir zəllənin meydana gələcəyi an və yer bilinir və müəyyəndir. Allah bu ayələrlə bizlərə bu tip zəllələrin meydana gələ biləcəyini bildirir.

Hz. Musa hz. Xızırdan aldığı təhsilin davam etməsini tələb etmişdir

(Xızır) dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbr edə bilməzsən?” (Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”. (Kəhf surəsi, 72-73)

Kəhf surəsindəki bu ayələrdə hz. Xızırın sözlərindəki qətilik diqqət çəkir. Hz. Xızır reallaşacaq hadisələri bildirərkən çox əmin bir üslubla danışır. Hz. Musanın heç bir şəkildə səbir edə bilməyəcəyini "qətiliklə" deyərək ifadə edir, buna gücü çata bilməyəcəyini dilə gətirir.

Unutmağı və xatırlamağı Allah yaradır. Allah keçmişdən bu günə qədər yaşamış olan bütün insanların zehni fəaliyyətlərinin hamısına hakim olandır. Unutması da, verilməməsi lazım olan bir sualı verməsi də hz. Musanın qədərində anbaan yazılmışdır. Heç bir insanın beyninə hakim olub bu unutmanın qabağına keçməsi, ya da söyləyəcəyi sözə mane olması mümkün deyil. Allah dilədiyi an, dilədiyi adama dilədiyi mövzunu unutdurar. Diləsə bütün yaddaşını bir anda əlindən alar, diləsə heç bilmədiyi mövzuları onun yaddaşında elm olaraq yaradar. Bunların hamısı Allah’ın diləməsiylə reallaşır.

Hz. Musanın ayədə keçən "bu işimdə mənə çətinlik çıxarma" şəklindəki sözlərindən isə hz. Xızırla olan təhsilinin kəsilməsini istəmədiyi aydın olur.

Hz. Xızırın uşağı öldürməsinə hz. Musanın göstərdiyi reaksiya

Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. (Kəhf Surəsi, 74)

Hz. Musa nə qədər söz versə də, sual verməmək mövzusunda qərar verib, iradə göstərmək istəsə də qədərinin xaricinə çıxa bilmir və bu sualları verməyə mane ola bilmir. Hz. Xızırın Allah’ın əmriylə hərəkət edən, elm sahibi bir adam olduğunu bildiyi, ona tabe olduğunu söylədiyi halda, hz. Xızırın etdikləri qarşısında bir reaksiya vermir. Başqa sözlə, burada təkrar bir peyğəmbər zəlləsi meydana gəlmişdir.

Ancaq heç unutmamaq lazımdır ki, hər insana canını verən və verdiyi canı alan yalnız Allah’dır. Allah diləmədikcə bir insanın bir başqasını öldürməsi mümkün deyil.

Hz. Xızır da Allah’ın əmri və diləməsiylə hərəkət edən, saleh bir quldur. Etdiyi hər hərəkət, söylədiyi hər söz ancaq Allah’ın əmriylə reallaşır. Bu ölümün bir cana qarşılıq olub-olmadığını Allah diləmədikcə heç kimin bilməsi mümkün deyil. Eyni şəkildə öldürülən uşağın "tərtəmiz bir can" olub olmadığını da Allah bildirmədikcə, heç kim bilə bilməz. Ancaq burada hz. Musa bütün bu sözləri Allah’ın diləməsiylə və Allah qədərində yazdığı üçün söyləyir.

Hz. Xızırdan aldığı dərslərin davamı üçün hz. Musanın tapdığı çıxış yolu

(Xızır) dedi: “Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən?” (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”. (Kəhf surəsi, 75-76)

Qullarına dilədiyi zaman səbir göstərmə gücünü verən, dilədiyi zaman da bu gücü geri alan Allah’dır. Quranda möminlərin bu gözəl xüsusiyyətləri bir çox ayədə vurğulanır, ancaq səbri verənin Allah olduğu ifadə olunur.

76-cı ayədə isə hz. Musanın meydana gələn bu vəziyyətdən hz. Xızırın narahatlıq duyduğunun fərqində olduğu aydın olur. Hz. Xızırın etdiyi xatırlatmalara və səbir göstərə bilməyəcəyinə qətilik ərz edən sözlərinə baxmayaraq, hz. Musa israrla səbir göstərəcəyini ifadə etmiş, ancaq iki hadisədən sonra artıq bir həll yolu tapmağa qərar vermişdir. Bunun üçün də hz. Xızırın bu təhsildən imtina etməməsi üçün yeni bir razısalma üslubu istifadə etmişdir.

Qəsəbə xalqının hz. Musa və hz. Xızırı qonaq etmək istəməmələri

Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”. (Kəhf Surəsi, 77)

...Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi....
(Kəhf surəsi, 77)

Yollarına davam edən hz. Musa və hz. Xızır girdikləri qəsəbədə yaxşı qarşılanmamışlar. Bu qarşılamadan etdikləri səfərin çox çətin bir səfər olduğu aydınlaşır. Çünki qəsəbə xalqı onları qonaq etməkdən, hətta onlara yemək verməkdən belə çəkinmişdir.

Bu ayədə Allah doğrunu və faydalı elmi tapmaq üçün hər cür çətinliyə səbir göstərməyin vacib olduğuna işarə edir. Hz. Musa da hz. Xızır ilə birlikdə ola bilmək, onun elmindən istifadə edə bilmək və öyüdlərindən faydalana bilmək üçün hər cür çətinliyə razıdır. Bu, eyni zamanda bütün inananlar üçün də bir öyüddür. Müsəlmanlar da bənzər bir vəziyyətlə qarşılaşdıqda eyni dayanıqlılığı və gözəl əxlaqı göstərməlidirlər.

Ayədə həmçinin hz. Xızırın çox qabiliyyətli, məharətli və sürətli bir kimsə olduğuna işarə edilir. Bu, həm daha əvvəl gəmini içindəkilərə heç sezdirmədən deşə bilməsindən, həm də divarı tikərkən etdiyi işin sürətindən və dayanıqlılığından aydınlaşır. Allah ayəsində "dərhal onu tikdi" deyə bildirərək bu sürətə və təcrübəyə işarə etmişdir. Hz. Xızır gəmini deşərkən də çox böyük bir hünər göstərmişdir. Gəmini korlamamış, yalnız bir neçə kiçik zərərlə qarşı tərəfin bəyənməyəcəyi hala gətirmişdir. Buradan hz. Xızırın divarın və gəminin inşa edildiyi vəsaitə tam bir hakimiyyəti olduğu aydın olur.

Ayənin davamında hz. Musa üçüncü və son dəfə hz. Xızıra bir sual vermişdir. Halbuki, hz. Xızır mükafat alıb almaması lazım olduğunu Allah’ın özünə verdiyi elmlə çox yaxşı bilir.

Hz. Musanın verdiyi son sual aralarında ayrılma vaxtının gəldiyinin işarəsi olmuşdur

(Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. (Kəhf surəsi, 78)

Hz. Xızır bu ayədə hz. Musaya "izahı edilmədiyi üçün səbir edə bilmədin" deyərək öyüdlə izah edəcəyini söyləmişdir. Bu sözləriylə bütün bunların hikmətləri açıqlansa səbir edə biləcək şeylər olduğunu ifadə etmişdir. Yəni əgər hz. Xızır ilk andan etibarən soruşulan sualların hikmətlərini açıqlamış olsaydı, hz. Musa bunlara səbir göstərə bilərdi. Burada bir daha peyğəmbərin və ya mürşidin açıqlamadığı mövzularda mütləq xeyir və hikmət axtarılması lazım olduğu ağla gəlir.

Hz. Xızırın gəmini deşməsinin səbəbləri

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)

Bu ayədə göründüyü kimi, ayrılma qərarını müəyyənləşdirdikdən sonra hz. Xızır hadisələrin xeyir və hikmətlərini bir-bir izah etməyə başlayır. Birinci hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin çox əhəmiyyətli bir neçə səbəbi vardır.

Mərhəmət, möminlərə düşkünlük və şəfqət Allah’ın peyğəmbərlərinin və elçilərinin də ən diqqət çəkən xüsusiyyətləridir. Allah’ın üstün elmə sahib qullarından biri olan hz. Xızır da bütün elçilər kimi şəfqətli və mərhəmətli, Allah’ın Qatından rəhmət verdiyi bir insandır. O səbəblə də yoxsulluq və ehtiyac içində olan bu insanlara kömək etmək üçün dərhal gəmilərində bir dəlik açmış, beləcə gəmini əskik və qüsurlu göstərərək zalımların əl qoymasından qurtarmışdır.

Hz. Xızırın gəmini deşməsində də çox böyük bir ağıl, fərasət, bəsirət və irəli fikirlilik dərhal diqqəti çəkir. Çünki gəmini məqbul ölçülərdə, təkrar təmir edildikdə asanca istifadə edilə biləcək şəkildə korlamışdır. Beləcə gəmini görən adam qüsurlu zənn edəcək və əl qoymaqdan imtina edəcək. Ancaq gəmi sahibləri zorba şəxslər tərəfindən mallarını qəsb etmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcək hala gətirəcəklər.

Allah, uşağın canını almaq üçün hz. Xızırı vəsilə etmişdir

"Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa) (bir) (övlad) versin." (Kəhf surəsi, 80-81)

Ayədə uşağın ailəsinin mömin kəslər olduğu xəbər verilir. Bu məlumat ilə, o dövrdə də haqq dinin olduğuna işarə edilir.

Hz. Xızırın uşağın canını almasıyla bağlı ayələr araşdırılarkən vurğulanması lazım olan başqa bir mövzu isə uşağın ölümünün Allah’ın bir təqdiri olduğudur. O uşağın ölümünü Allah qədərində yer və zaman olaraq yazmışdır. Allah "Sizi palçıqdan yaradan, sonra bir əcəl təyin edən Odur. Adı qoyulmuş əcəl, Onun Qatındadır." (Ənam surəsi, 2) ayəsiylə insanlara bu həqiqəti xatırladır. Quranda bildirildiyi kimi, hər insanın canını mələklər alır. Allah Ənfal surəsində bu həqiqəti bu şəkildə bildirir:

Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: "Yandırıcı əzabı dadın" deyə o inkar edənlərin canlarını alarkən görməlisən. (Ənfal surəsi, 50)

Ancaq mələklərin canı alması da bir vəsilədir, əslində isə canı alan ancaq Allah’dır. Allah bu uşağın canının alınmasını hz. Xızırın əliylə təqdir etmişdir. Ancaq hz. Xızır olmayıb, başqa biri də bu ölümə səbəb ola bilərdi. Bir qəza nəticəsində, ürəyinin dayanması səbəbindən, ya da yıxılıb başını yaralayaraq bir anda həyatını itirə bilərdi. Həmçinin bu hadisədə Allah ölüm mələklərini görünməyən səbəb etmiş, görünən üzündə isə hz. Xızırın uşağın canını alan kimi göstərmişdir. Əslində isə hz. Xızır vəhylə hərəkət edən bir insandır və Allah’ın əmrinin xaricinə qətiyyən çıxa bilməz. Allah diləmədikcə, öz iradəsiylə bir şey etməsi mümkün deyil. Allah bu uşağın canını almaq üçün onu səbəb etmişdir.

Hz. Xızır irəlidə inkarçılardan olacağına dair qəti məlumata sahib olduğu bir uşağı Allah’ın əmriylə öldürür. O, uşağın həm ailəsinə və ətrafına zülm etməsinə mane olmaq, həm də günahlara boğulmasının qarşısını almaq istəyir. Bunun üçün əvvəldən tədbir görür.

Hz. Xızırın yetim uşaqlara aid olan divarı tikməsinin hikməti

"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!”" (Kəhf surəsi, 82)

Hz. Xızır İslam əxlaqının bir gərəyi olaraq yetim uşaqların gələcəyini düşünür və onlar üçün çox əhəmiyyətli bir mülk qoyur. Əgər hz. Xızır divarı təmir etməsəydi, yetim uşaqların atalarına aid xəzinə ortaya çıxacaq, uşaqların malları da zalım kəslər tərəfindən ələ keçiriləcədi. Elə bu səbəbdən, hz. Xızır xəzinə üçün uşaqlar yetkinliyə çatana qədər qorunub, gizlədilə biləcək möhkəm bir yer hazırlamış, onların gələcəkləri üçün çox vacib bir tədbir görmüşdür.

Ayədə hz. Xızırın "Bunları mən, öz ixtiyarımla etmədim" dediyinə diqqət çəkilir. Bu, daha əvvəl də vurğuladığımız kimi, hər şeyi edənin Allah olduğunu, hər şeyin qədərdə olub bitdiyini bildiyini göstərən bir ifadədir. Hz. Xızır heç bir hərəkəti öz diləməsiylə etmədiyini ən gözəl şəkildə ifadə edir.

İzlənmə sayı: 4954