Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allah’ın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri): “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər. (Kəhf surəsi, 21)
Kəhf Əhlinin insanlar tərəfindən tapılması isə yaxşı insanların yaxşılarla görüşəcəklərinə, bir-birlərindən uzaqda olsalar da bir gün mütləq bir yerə gələcəklərinə işarə ola bilər.
Onların sayını yalnız Allah və çox az sayda adam bilir
(Bəziləri:) “(Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə) “(Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma! (Kəhf surəsi, 22)
Ayədə keçən "insanlardan bunu bilən çox azdır" ifadəsiylə Allah dərin məlumata sahib çox az sayda adamın bu sayı biləcəyinə işarə edir. Məsələn, bu adam hz. Xızır ola bilər. Bununla yanaşı, hz. Xızırın təhsilindən keçmiş və ona tabe olmuş tələbələrinin də, Allah’ın diləməsi və bildirməsiylə bu məlumata sahib olması mümkündür. Necə ki, Quranda Allah’ın vəhy etməsiylə elçilərin qeyblə bağlı bəzi məlumatlara sahib olduqları bildirilir.
Bu ayənin davamında keçən "... Mağara əhli barədə açıq mübahisə et" ifadəsi isə Qurana uyğun müzakirəyə işarə edir. Möminlər bir mövzu üzərində müzakirə edərkən Qurana uyğun dəlil gətirməyə əhəmiyyət verməlidirlər. Dini inkar edənlər tam əksi olan bir mövqedədirlər. Onların tək məqsədi mübahisə çıxarmaq, bu səbəblə dinə və iman gətirənlərə qarşı düşmən rəftarlarını ortaya qoymaqdır. Necə ki, Allah Quranda bəzi insanların "yalnız bir mübahisə-mövzusu olsun deyə" (Zuxruf surəsi, 58) inkarçı nümunələr verdiklərinə diqqət çəkir.
Yuxarıdakı ayənin sonunda keçən "kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma" şəklindəki ifadə isə iman gətirənlərin vəhylə bildirilənlərin xaricində heç bir məlumata rəğbət göstərməmələri lazım olduğunu ifadə edir. Çünki qeybi bilən Allah’dır. İnsanların öz məlumatlarına, zənnlərinə və şərhlərinə söykənərək ortaya atdıqları yanlış rəvayətlərin möminlər üçün heç bir qiyməti yoxdur. Başqa sözlə, mənbəyi müəyyən olmayan, ağızdan-ağıza gəzərək gələn, qulaqdan dolma uydurma rəvayətlərə, xəbərlərə əhəmiyyət vermək bu ayə ilə qadağan edilir.
Əshabi Kəhfin mağarada qalma müddəti
Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 25-26)
Bu ayələrdə Əshabi Kəhfin mağarada yuxu halında üç yüz il qaldıqları bildirilir. Oyanmalarına yaxın bir zamanda bu müddət uzadılmış və üç yüz ildən əlavə doqquz il əlavə olunmuş ola bilər. Beləcə onlar mağarada üç yüz doqquz il qalmış ola bilərlər.İzlənmə sayı: 1059
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz