Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. (Kəhf surəsi, 9-10)
Gənclərdən ibarət olan Kəhf Əhlinin yaşadıqları qeyri-adi, metafizik hadisələrdir. Həyatlarının hər anı möcüzəvi hadisələrlə doludur. Peyğəmbərimizin hədislərində axırzamanla əlaqəsinə diqqət çəkilən Kəhf Əhlinin Quranda izah edilən bu vəziyyəti axırzamanda da insanların qeyri-adi, metafizik hadisələrlə qarşılaşa biləcəklərinə bir işarədir.
“Kəhf” surəsinin 10-cu ayəsində gənclərin bir yerə "sığındıqları" bildirilir. Qissənin sonrakı ayələrindən aydın olduğuna görə, Kəhf Əhlinin mağaraya sığınmalarının səbəbi dövrün təzyiqçi sisteminin meydana gətirdiyi mühitdir. Öz fikirlərini rahatca söyləyə bilməyən, doğruları izah edə bilməyən, Allah’ın dinini lazım olduğu kimi təbliğ etmələrinə mane olunan Kəhf Əhli çıxış yolunu bu cəmiyyətdən uzaqlaşmaqda görmüşdür.
Ancaq bu vəziyyət uzaqlaşıb gözləmək mənasında deyil. Kəhf Əhli mağaraya sığınmış, etdikləri işləri Allah’ın asanlaşdırması, özlərinə rəhmətindən yayması üçün dua etmişlər. Qısacası, Kəhf Əhlinin mağaraya sığınmasının səbəbi yalnız gözləmək deyil, özlərini bu müddət içində inkişaf etdirmək olmuşdur. Axırzamanda da totalitar rejimlərin hakim olduğu yerlərdə təzyiq altında yaşayan Müsəlmanlar özlərini gizləyəcəklər. Bu səbəblə Allah’ın öz üzərlərindəki rəhmətini artırmasını, işlərini və dinə düşmən olan fikri cərəyanlara qarşı apardıqları mübarizəni daha da asanlaşdırmasını ümid edəcəklər.
Kəhf Əhlinin gizli vəziyyəti müəyyən bir müddətə qədər davam etmişdir
Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Sonra iki dəstədən hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)
Kəhf Əhlinin yaşadığı xəbər verilən bu yuxu halının səbəbi qədərə tabe olmanın gətirdiyi təvəkkül və hüzur ola bilər. Çünki bütün kainatı bir qədər üzrə yoxdan yaradan Allah dünyada reallaşan bütün hadisələri də Müsəlmanların lehinə tənzimləyir.
Hal-hazırda da bəzi Müsəlmanlar bir cür rəhmani yuxu içindədirlər. Bu sayədə, insanları dindən uzaqlaşdırmağa çalışan materialist ideologiyaların səbəb olduğu bəlaların dəhşətindən və şiddətindən təsirlənmirlər. Bu materialist axınlar səbəbindən yaranan əxlaqi degenerasiyadan, zülm və qarışıqlıqdan təsirlənmədən Quran əxlaqını yaşamağı davam etdirirlər.
Kəhf Əhlinin gizliliyi ayədən də aydın olduğu kimi, müəyyən bir müddətə qədər davam etmişdir. Daha sonra Allah’ın təqdir etdiyi zamanda, Onun diləməsi ilə bu gənclər oyanmışlar.
Kralın qarşısında inanclarını açıq-aşkar dilə gətirmişlər
Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr ) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)
Ayədə Kəhf Əhlinin gizləndikləri dövr sona çatdıqda, kralın qarşısına çıxdıqları ifadə olunur. Bu dövr Allah’dan başqa güclərin ilah halına gətirildiyi, inkarın insanlar arasında yayıldığı və din əxlaqından uzaqlaşıldığı bir dövrdür. Müsəlmanların inancları təzyiq altına alınmışdır. Buna baxmayaraq, Kəhf Əhli krala heç bir şərtdə "Allah’a Bir olaraq iman etməkdən" imtina etməyəcəklərini, Allah’dan başqa heç bir şeyə ibadət etməyəcəklərini söyləmişlər. Əgər əksini söyləsələr, bununla Allah’a qarşı cinayət törətmiş olacaqlarını səmimi qənaətləri olaraq ifadə etmişlər.
Dövrün təzyiqçi, zalım və avtoritar kralı qarşısında göstərdikləri bu cəsur və qərarlı mövqe onların səmimi Müsəlman olduqlarının da bir dəlilidir. Hər şeyi qədərdə ən gözəl şəkildə Allah yaradır və Allah diləmədikcə heç bir güc onlara bir zərər verə bilməz. Bu həqiqəti bildikləri üçün çox gözəl bir təvəkkül və əzmkarlıq nümunəsi göstərmişlər.
Öz qövmlərinə Allah’ın dinini təbliğ etmişlər
(Cavanlardan biri o birilərinə) (dedi:) “Bizim bu xalqımız Allah’dan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allah’a qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 15)
Bu ayədə Kəhf Əhlinin öz qövmlərinə qarşı etdikləri təbliğ fəaliyyətindən bəhs edilir. Onlar öz dövrlərindəki müşrik birliklərə Allah’ın dinini təbliğ etmiş, onlardan Allah’a şirk qoşmaqdan imtina etmələrini istəmişlər. Müşrik birlikləri inkarlarını sübut edəcəkləri bir dəlil göstərməyə dəvət etmişlər, onlar bir dəlil gətirə bilmədikdə də müşriklərin yalançılıqlarını və böhtanlarını açıqlamışlar.
Eyni Kəhf Əhlinin yaşadığı dövrdə olduğu kimi əsrimizdə də Müsəlmanlar Allah’dan başqasını ilah edənlərdən dəlillər istəyirlər. Axırzamanda maddəni və təsadüfləri ilah olaraq tanıdan bütpərəst bir inanc mövcuddur; bu inanc darvinizmdir.
Darvinizm bütün kainatın təsadüflər nəticəsində meydana gəldiyini iddia edən, təbiətdə yalnız güclü olanın həyatda qalacağı şəkildə qarşıdurmaya və şiddətə söykənən bir sistem olduğunu müdafiə edən din əleyhdarı bir iddiadır. Əslində Allah’ın sonsuz güc və qüdrəti ilə yoxdan var etdiyi cansız və canlı varlıqları kor təsadüflərin meydana gətirdiyini iddia edən darvinistlər bu iddiaları ilə Allah’a qarşı böyük böhtan atırlar.
İnkarçıların fikir sistemindən tamamilə uzaqlaşmışlar
Madam ki, siz onları və Allah’dan savayı ibadət etdiklərinizi tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)
İnkarçıların təzyiqləri nəticəsində Kəhf Əhli özlərini tamamilə təcrid etmə və inkarçılardan tamamilə uzaqlaşma ehtiyacını hiss etmişlər. Mağaraya sığınma da bu təcrid vəziyyətini ifadə edir. Allah bu dövrdə Kəhf Əhlinin üzərindəki nemətini genişləndirmiş, onlara bir çox mövzuda asanlıq təmin etmişdir. Bu asanlıq və dəstəklərdən ən əhəmiyyətlisi isə iman gətirənlərin inkar edənlərin mənfi təsirlərindən uzaq qalmaları olmuşdur.
Kəhf Əhlinin həyatlarından alınacaq bəzi dərslər
Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də) dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! (Kəhf surəsi, 19)
Ayədə ilk olaraq Müsəlmanların qarşılaşdıqları hadisələrdə bir qərara gəlmədən öz aralarında məsləhətləşmənin əhəmiyyətinə diqqət çəkilir. Bununla yanaşı, ayədə Kəhf Əhlinin mağarada nə qədər qaldıqları ilə bağlı aralarında bir söhbət keçdiyi də qeyd olunur, ardınca isə bir adamın "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilər" dediyi bildirilir. Burada əhəmiyyətli olan xüsus aydın olmayan, ya da nəticəsiz olan hər hansı bir mövzu olduqda, möminlərin dərhal "Allah bilər" deyib, xeyir və hikməti Allah’a buraxmalarıdır. Çünki qeybi yalnız Allah bilər.
“Kəhf” surəsinin 19-cu ayəsində möminlərə bəzi başqa işarələr də var. Bunlardan birincisi möminlərin şəhərə göndərdikləri adamdan hər hansı bir yemək deyil, təmiz yemək istəmələridir. Diqqət çəkilən digər bir xüsus da möminlərin yemək almaq üçün şəhəri seçmələridir. Bunun səbəbi şəhərdə daha geniş imkan və seçim alternativi olması ola bilər.
Ayədə möminlərə başqa bir xatırlatma da var. Bu da möminlərin hər zaman üçün nəzakətli və hörmətli olmalarıdır. Bu, Allah’ın Quranda bildirdiyi gözəl əxlaqın bir gərəyidir.
“Kəhf” qissəsində Müsəlmanların axırzamanda daha çox evlərində olacaqlarına işarə edilə də bilər. Bunun səbəbi də, kommunizm, faşizm kimi dindənkənar ideologiyaların hakim olduğu bu böyük fitnə dövründə hədəf halına gəlməmək, diqqət çəkməmək ola bilər. Ayədə eyni zamanda möminlərin lazım olan vəziyyətlərdə, uzun zaman evlərində qalaraq özlərini elm və məlumat cəhətdən inkişaf etdirəcəklərinə diqqət çəkilə bilər. Belə ki, Peyğəmbərimizin (s.ə.v.) də axırzaman mövzusunda özündən tövsiyə istəyənlərə, "… evlərinizin igidi olun, oradan ayrılmayın!" və "evindən çölə çıxma!" şəklində tövsiyələr etdiyi bildirilir. (Muhəmməd B. Rəsul əl-Hüseyni, Qiyamət Əlamətləri, Tərcüməçi: Naim Ərdoğan, 7. nəşr, Pambıq Nəşrləri, s. 155-156)
Kəhf Əhli gizlənmək məcburiyyətində qalmışlar
Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!” (Kəhf surəsi, 20)
Bu ayədə "daşqalaq edərlər" ifadəsi ilə terrorist xarakter təsvir edilir. Hal-hazırda da dinsiz ideologiyaların təsiri altında qalan insanlarda bu xarakter açıq şəkildə görünür. Məsələn, kommunist ideologiyanı mənimsəyən terroristlər vətəni qorumaq üçün mübarizə aparan dövlət məmurlarına, polislərə və digər dövlət orqanlarına yalnız dövlətə olan düşmənçilikləri səbəbiylə daş atır, hücum edirlər. Bunu etmələrindəki məqsəd isə bu şəxsləri qorxutmaq, güclərini azaltmaqdır. Bu yolla kommunizm tərəfdarları öz din düşməni ideallarını reallaşdıra bilməyi, ölkələrini xaosa və qarışıqlığa sürüyərək kommunist sistemi hakim etməyi çalışırlar.
Buna görə axırzamanda insanların dünyaya bəladan başqa bir şey gətirməyən qanlı ideologiyalardan uzaq durmaları, din əleyhdarı ideologiyaların təxribatlarına aldanmamaları çox vacibdir.İzlənmə sayı: 1129
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz