Bu hissəyə qədər izah edilənlərdən hz. İsanın ölmədiyi və Allah Qatına yüksəldilmiş olduğu aydın olur. Ancaq Quranda diqqət çəkilən başqa bir əhəmiyyətli mövzu da var: Hz. İsa yer üzünə yenidən gələcək...
Hz. İsanın yer üzünə ikinci dəfə gələcəyi mövzusu Quranda çox açıq olaraq bildirilmişdir. Bir çox ayədə bu mövzu ilə bağlı qəti ifadələr var. Quranda bildirilən bu dəlillər bu aşağıdakılardır:
(1) Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki “Ali İmran” surəsinin 55-ci ayəsidir:
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.(Ali İmran surəsi, 55)
Ayədəki "sənin ardınca gedənləri qiyamətə qədər kafirlərdən üstün edəcəyəm" ifadəsi diqqət çəkicidir. Quranda qiyamətə qədər inkar edənlərə üstün olan və hz. İsaya həqiqətən tabe olan bir qrupun varlığından danışılır. Bəs kimdir bu tabe olanlar? Hz. İsa dövründə yaşayan həvarilərmi, yoxsa hal-hazırda yaşayan xristianlarmı?
Hz. İsa həyatda ikən ona tabe olanların sayı çox az idi. Və onun dünyadan ayrılmasının ardınca da sürətlə dində degenerasiya başladı. Həmçinin həvarilər olaraq tanınan insanlar ciddi bir təzyiq altında yaşamaq məcburiyyətində idilər. Sonrakı iki əsrdə də hz. İsaya iman gətirənlər (İsəvilər) həmin təzyiqlərə məruz qaldılar; çünki heç bir siyasi gücə sahib deyildilər. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara baxdığını söyləyə bilmərik.
Daha sonrasına, yəni hal-hazırda yaşayan xristianlara baxdıqda isə onsuzda xristianlığın özünün dağılmağa məruz qaldığını, hz. İsanın izah etdiyi haqq dindən fərqli bir din meydana gəldiyini görürük. Hz. İsanın Allah’ın oğlu olduğu şəklindəki azğın inanc mənimsənilmiş və üç üqnum ( ata, oğul, müqəddəs ruh) qəbul edilmişdir. Bu vəziyyətdə dinin əslindən uzaqlaşmış bugünki xristianları da hz. İsaya tabe olanlar olaraq qəbul edə bilmərik, çünki Allah Quranın bir çox ayəsində "üçləşdirmə"yə inananların inkar içərisində olduqlarını bildirmişdir:
And olsun, "Allah üçün üçüncüsüdür" deyənlər küfr içərisindədirlər. Halbuki, tək bir İlahdan başqa İlah yoxdur... (Maidə surəsi, 73)
Bu vəziyyətdə "sənə təslim olanları qiyamətə qədər kafirlərdən üstün edəcəyəm" ifadəsi çox açıq bir işarə daşıyır. Hz. İsaya tabe olan və qiyamətə qədər yaşayacaq olan bir birlik olmalıdır. Belə bir birlik şübhəsiz hz. İsanın yer üzünə təkrar gəlişiylə ortaya çıxacaq. Və ona təkrar dünyaya gəlişi əsnasında tabe olanlar qiyamətə qədər inkar edənlərə üstün ediləcəklər.
(2) Mövzu ilə bağlı olaraq Nisa surəsinin 156-158-ci ayələrinin ardınca Allah 159-cu ayədə belə buyurur:
And olsun, Kitab Əhlindən ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur. Qiyamət günü, o da onlara şahid olacaq. (Nisa surəsi, 159)
Yuxarıdakı ayədə "ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur" ifadəsi olduqca diqqət çəkicidir. Bu cümlənin ərəbcə qarşılığı bu şəkildədir: "... və ən min əhlil kitabı illə ləyüminənnə bihi kablə məvtihi"
Burada bəzi təfsirçilər "o" əvəzliyinin hz. İsaya deyil, Qurana aid olduğunu düşünmüşlər və ayəni Kitab Əhlinin ölmədən Qurana iman gətirəcəyi şəklində izah etmişlər.
Halbuki, bu ayədən əvvəlki iki ayədə də "o" əvəzliyi hz. İsa üçün istifadə edilmişdir:
Nisa surəsi, 157-ci ayə:
bir də: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
Nisa surəsi, 158-ci ayə:
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.
Bu ayələrdən sonrakı ayədə istifadə edilən "o" əvəzliyinin başqa bir şeyi nəzərdə tutduğunun heç bir dəlili yoxdur.
Nisa surəsi, 159-cu ayə:
And olsun, Kitab Əhlindən ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur. Qiyamət günü, o da onların üzərinə şahid olacaq.
Digər tərəfdən ayənin ikinci cümləsində "Qiyamət günü, o da onlara şahid olacaq" ifadəsi də diqqət çəkicidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə duyğularının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhlərinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə bağlı isə heç bir ayə yoxdur. İlk cümlə - qrammatik olaraq və ya məntiq baxımından heç bir dəlil olmamasına baxmayaraq - Quranla əlaqələndirilsə, ikinci cümlədəki "o" əvəzliyinin də Qurana baxdığı iddia edilmiş olar. Halbuki, bunu söyləmək üçün açıq bir ayə lazımdır.
Qurana nəzər saldıqda həmin əvəzliyin Qurana işarə etdiyi təqdirdə, (Tariq surəsi, 13, Təkvir surəsi, 19, Nəml surəsi, 77 və Şuəra surəsi, 192-196-cı ayələrdə olduğu kimi) ayənin əvvəlində və ya sonrasında mütləq Qurandan bəhs edildiyini görərik. Ayənin əvvəlində, sonrasında və ya ayənin içində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək yanlış olar. Ayə çox açıq bir şəkildə hz. İsaya iman gətirilməsindən və onun inananlara şahid olmasından bəhs edir.
Ayənin mənası haqqında ifadə edəcəyimiz ikinci şey isə "ölümündən əvvəl" ifadəsinin şərhidir. Bəziləri bu ifadənin "Kitab Əhlinin öz ölümlərindən əvvəl" inanması mənasında olduğunu düşünürlər. Bu şərhə görə Kitab Əhlindən olan hər adam özünə ölüm gəlmədən hz. İsaya mütləq iman gətirəcək. Halbuki, hz. İsa dövründə Kitab Əhli sayılan yəhudilər ona iman gətirməməklə kifayətlənməmiş, onu öldürmək üçün tələ qurmuşlar. Hz. İsadan sonra yaşayıb ölən yəhudi və xristianların isə hz. İsaya - Quranda bildirildiyi şəkildə - iman etmiş olduqlarını iddia etmək həqiqətdən kənar bir yanaşma olacaq.
Nəticə olaraq ayəni düzgün bir şəkildə qiymətləndirdikdə, mənanın bu şəkildə olduğu nəticəsinə gəlirik: "Hz. İsa ölmədən əvvəl bütün Əhli Kitab ona iman gətirəcək".
Ayəyə diqqət yetirdikdə isə çox aşkar həqiqətlərlə qarşılaşırıq. Birincisi, ayədə gələcəkdən bəhs edilir, çünki hz. İsanın ölümünə işarə olunur. Halbuki, o ölməmiş Allah Qatına yüksəlmişdir. Hz. İsa dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcək. İkincisi hz. İsaya bütün əhli kitab iman gətirəcək. Bu da hələ reallaşmamış, ancaq qəti olaraq reallaşacağı bildirilən bir hadisədir.
Başqa sözlə, buradakı "ölümündən əvvəl" ifadəsi deyilərək, əvəzliklə bəhs edilən adam hz. İsadır. Kitab Əhli onu görüb tanıyacaq, ona yaşayarkən itaət edəcək və hz. İsa da onların vəziyyətləriylə bağlı axirətdə şahidlik edəcək. (Doğrusunu ən yaxşı Allah bilər.)
(3) Hz. İsanın axırzamanda yenidən yer üzünə gələcəyi ilə bağlı başqa bir ayə də Zuxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən hz. İsadan bəhs edilir:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60)
Bu ayələrin ardınca gələn 61-ci ayədə hz. İsanın qiyamət saatı üçün bir elm olduğu ifadə olunur:
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur düz yol! (Zuxruf surəsi, 61)
Bu ayənin hz. İsanın axırzamanda yer üzünə qayıdacağına açıq bir işarə olduğunu söyləyə bilərik. Çünki hz. İsa Quranın nazil olmasından altı əsr əvvəl yaşamışdır. Başqa sözlə, bu ilk həyatını "qiyamət saatı üçün bir məlumat", yəni bir qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna hz. İsanın axırzamanda, yəni qiyamətdən əvvəlki son zaman dilimində yenidən yer üzünə gələcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır. (Ən doğrusunu Allah bilər.)
Bu ayədə keçən "O, qiyamət saatı üçün bir elmdir" sözünün ərəbcə qarşılığı bu şəkildədir: "İnnəhu lə elmin lissaati."
Bu ifadədə "hu" əvəzliyini "Quran" olaraq şərh edənlər var. Ancaq yuxarıda da ifadə olunduğu kimi, Quran üçün "hu" -"o" əvəzliyi istifadə edildikdə mütləq ayənin əvvəlində və ya sonrasında və ya ayənin içində Quranı izah edən başqa ifadələr də olmalıdır. Başqa bir mövzu içində "hu" əvəzliyi ilə Qurandan bəhs edilməz. Həmçinin bu ayənin əvvəlindəki ayəyə baxdıqda, orada da aydın bir şəkildə hz. İsa nəzərdə tutularaq o əvəzliyinin istifadə edildiyi görüləcək:
"O, yalnız bir quldur; özünə nemət verdik və onu İsrail oğullarına bir nümunə etdik."
Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında keçən "Ondan şübhələnməyin, mənə təslim olun" ifadəsini dəlil olaraq göstərirlər. Ancaq bu ifadənin əvvəlindəki ayələr tamamilə hz. İsadan bəhs edir. Bu səbəbdən, "hu" əvəzliyinin bir əvvəlki ayələrlə əlaqədar olması və hz. İsaya aid olması daha uyğundur. Necə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə, istərsə də səhih hədislərə əsaslanaraq hz. İsa olaraq açıqlayırlar. Elmalılı Hamdi Yazarın təfsirində bu şəkildə açıqlanır:
"Şübhəsiz ki, o, saat üçün bir elmdir - saatın gələcəyini ölülərin dirilib, qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru, istər ölüləri diriltmə möcüzəsi və istərsə də ölülərin qalxmasını xəbər verməsi ilə qiyamətin vaki olacağına bir dəlil - qiyamət əlamətidir." (http://www.kuranikerim.com/telmalili/zuhruf.htm)
(4) Hz. İsanın ikinci gəlişinə işarə edən başqa ayələr də belədir:
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)
Ayədə Allah’ın hz. İsaya Tövratı, İncili və bir də "Kitabı" öyrədəcəyi xəbər verilir. Bu kitabın hansı kitab olduğu, şübhəsiz ki, çox vacibdir. Həmin ifadə Maidə surəsinin 110-cu ayəsində də istifadə olunur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu..." (Maidə surəsi, 110)
Hər iki ayədə də keçən "kitab" sözünü araşdırdıqda, bunun Qurana işarə etdiyini görürük. Tövrat və İncil xaricində yer üzündə tək bir ilahi kitab var; o da Qurandır. (hz. Davuda verilən Zəbur da Köhnə Əhid içindədir). Bununla yanaşı, yenə Quranın başqa bir ayəsində, Ali İmran surəsinin 3-cü ayəsində "kitab" sözü İncil və Tövratla yanaşı, Quranı ifadə etmək üçün istifadə edilmişdir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – (Ali İmran surəsi, 2-3)
Kitab sözünün Qurana işarə etdiyi başqa bir ayə də bu şəkildədir:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki, əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)
Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)
Bu vəziyyətdə hz. İsaya öyrədiləcək üçüncü "Kitab"ın Quran olduğunu və bunun da ancaq hz. İsanın axırzamanda dünyaya gəlişində mümkün ola biləcəyini düşünə bilərik. Çünki hz. İsa Quranın nazil olmasından 600 il əvvəl yaşamışdı və hələ endirilməmişkən onu bilməsi mümkün deyildi. Elə isə Quranı dünyaya yenidən gəldikdə öyrənəcəyini düşünmək yeganə məntiqli düşüncədir. Peyğəmbərimizin (s.ə.v.) hədislərinə baxdıqda yenidən dünyaya gəlişində hz. İsanın İncil ilə deyil, Quranla hökm edəcəyini anlayırıq. Bu da ayədəki mənaya tam olaraq uyğun gəlir. (Şübhəsiz ən doğrusunu Allah bilər.)
(5) Bütün bunlarla yanaşı, "Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir..." (Ali İmran surəsi, 59) ayəsi də hz. İsanın gəlməsinə işarə edə bilər. Təfsirçilər ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olmasına, hz. Adəmin Allah’ın "Ol" əmriylə torpaqdan yaradılması ilə hz. İsanın yenə "Ol" əmriylə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci bir işarəsi də ola bilər. Hz. Adəm cənnətdən necə yer üzünə endirildisə, hz. İsa da axırzamanda Allah’ın Qatından yer üzünə endirilə bilər. (Ən doğrusunu Allah bilər.) Göründüyü kimi, hz. İsanın yer üzünə yenidən gələcəyi ilə bağlı Quranda keçən ayələr çox açıq və düşündürücüdür. Quranda adı çəkilən heç bir peyğəmbər üçün bunlara bənzər ifadələr istifadə edilməmişdir. Həmçinin heç bir peyğəmbərdən "qiyamət üçün bir məlumat" olaraq bəhs edilməmişdir və digər peyğəmbərlər üçün istifadə edilən heç bir ifadə yer üzünə təkrar qayıtmalarına işarə edəcək növdən hər hansı bir məna ehtiva etmir. Ancaq bütün bu ifadələr hz. İsa üçün istifadə edilmişdir. Bunun mənası isə olduqca açıqdır.
(6) Quranda hz. İsanın ölümünü ifadə edən başqa bir ayə isə “Məryəm” surəsində belə xəbər verilir:
"Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də." (Məryəm surəsi, 33)
Bu ayə Ali İmran surəsinin 55-ci ayəsiylə birlikdə araşdırıldıqda çox əhəmiyyətli bir həqiqətə işarə edir. Ali İmran surəsindəki ayədə hz. İsanın Allah Qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə, ya da öldürülmə ilə bağlı bir məlumat verilir. Ancaq “Məryəm” surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsiylə mümkün ola bilər. (Ən doğrusunu Allah bilər)
(7) Hz. İsanın təkrar dünyaya gələcəyi ilə bağlı başqa bir dəlil isə Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində keçən "kəhlən" sözüdür. Ayələrdə bu şəkildə buyurulur:
"Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın.…" (Maidə surəsi, 110)
"O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır" (Ali imran surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa üçün istifadə edilir. Hz. İsanın yetkin halını təsvir etmək üçün istifadə edilən "kəhlən" sözünün mənası "otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə" şəklindədir. Bu söz İslam alimləri arasında "35 yaşdan sonrakı dövrə işarə edir" şəklində tərcümə olunur.
Hz. İsanın otuz yaşından əvvəl göyə yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın yaşlılıq dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, başqa sözlə bu ayənin hz. İsanın nüzuluna dair bir dəlil olduğunu söyləyirlər. (Məhəmməd Xəlil Hərras, Fəzlul-Makal fi Rəfi İsa Hayyən və Nüzulihi və Katlihid-Dəccal, Məktəbətüs Sünnə, Qahirə, 1990, s. 20)
Ayələr diqqətlə araşdırıldıqda İslam alimlərinin bu izahının məqsədəuyğun olduğu asanlıqla aydın olur.
Quran ayələrinə baxıldıqda bu ifadənin yalnız hz. İsa üçün istifadə edildiyini görürük. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər üçün bu şəkildə bir ifadə istifadə edilmir. Bu ifadə yalnız hz. İsa üçün və möcüzəvi bir vəziyyəti ifadə etmək məqsədiylə istifadə edilmişdir. Çünki ayələrdə bir-birinin ardınca gələn "beşikdə" və "yetkin ikən" sözləri ilə iki böyük möcüzəvi zamana diqqət çəkilir.
Hz. İsanın beşikdə ikən danışması bir möcüzədir. Bu görülmüş bir hadisə deyil və ayələrdə bu möcüzəvi hadisə dəfələrlə zikr edilir. O halda bu sözün dərhal ardınca gələn "yetkin ikən də insanlarla danışması" şəklindəki ifadənin də bir möcüzə olması labüddür. Əgər "yetkin ikən" ifadəsi hz. İsanın Allah Qatına qalxmazdan əvvəlki həyatına işarə etsəydi, o zaman hz. İsanın danışması bir möcüzə olmayacaqdı. Bir möcüzə olmadığı üçün də beşikdə ikən danışmasının ardınca və bu möcüzəvi vəziyyətlə eyni mənada istifadə edilməzdi. O zaman "beşikdən yetkin olana qədər" şəklində bir ifadə istifadə edilərdi və hz. İsanın göyə yüksəlmədən əvvəlki təbliği izah edilərdi. (Ən doğrusunu Allah bilər) Ancaq ayədə iki böyük möcüzəvi zamana diqqət çəkilir. Bunlardan birincisi beşikdə ikən danışması, ikincisi isə yetkin ikən danışmasıdır. Başqa sözlə, möcüzəvi bir dövrə işarə edən bu ifadə hz. İsanın təkrar yer üzünə qayıtdıqdan sonrakı dövrdə yetkin ikən insanlarla danışmasıdır. (Ən doğrusunu Allah bilər)
Necə ki, İmam Tabəri “Tabəri Təfsiri” adlı əsərində bu ayələrdə keçən ifadələri bu şəkildə açıqlayır:
"Bu ifadələr (Maidə surəsi, 110) hz. İsanın ömrünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşda ikən göyə qaldırılmışdı…
Bu ayədə (Ali İmran surəsi, 46) hz. İsanın həyatda olduğuna dəlil vardır və əhl-i sünnə də bu fikirdədir. Çünki ayədə onun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da ancaq səmadan yer üzünə enəcəyi zamanda olacaq." (Tabəri Təfsiri, İmam Tabəri, cild 2, s. 528; cild 1, s. 247)
Ancaq bəzi şəxslər "yetkin" sözünü əsl mənasından uzaqlaşdıraraq izah edir və Quranın ümumi məntiqi içində qiymətləndirmirlər. Bu şəxslər peyğəmbərlərin hər dövrdə yetkin və kamala çatmış şəxslər olduqlarını, başqa sözlə, bu ifadənin peyğəmbərlərin bütün həyatlarına işarə etdiyini qarşıya qoyurlar. Əlbəttə peyğəmbərlər Allah’ın kamala çatdırdığı yetkin şəxslərdir. Ancaq Allah Əhqaf surəsində yetkinlik yaşının 40 yaş olduğuna işarə edir. Ayədə bu şəkildə bildirilir:
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə ) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”. (Əhqaf surəsi, 15)
Başqa sözlə, "kəhlən" sözünün hz. İsanın təkrar yer üzünə gəlişinə işarə etdiyi Quran ayələriylə də ortaya çıxan bir məna daşıyır. (Doğrusunu ən yaxşı Allah bilər.)
Quranda həyatı əsnasında yer üzündən yüzlərlə il əvvəl ayrılıb sonra geri qayıdan başqa örnəklər də var.
BİR ƏSR SONRA DİRİLDİLƏN ADAM
Bu örnəklərdən biri Bəqərə surəsində izah edilən "yüz il ölü qaldığı" ifadə olunan bir kimsənin həyatı ilə bağlıdır:
Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi. (Bəqərə surəsi, 259)
Əvvəlki səhifələrdə ifadə etdiyimiz kimi, ayələrdə hz. İsanın canının alındığından bəhs edilmir. Yuxarıda verdiyimiz ayədə isə tam bir ölümdən (məvt) bəhs olunur. Başqa sözlə, qəti olaraq ölən bir insanın belə Allah’ın diləməsiylə bu dünyada təkrar dirildildiyi Quranda bildirilən bir həqiqətdir. Quranda buna bənzər başqa hadisələrdən də nümunələr verilir.
KƏHF ƏHLİNİN İLLƏR SONRA OYANDIRILMALARI
Mövzuya işarə edən digər bir nümunə isə Kəhf surəsindəki "Əshab-i Kəhf" qissəsindədir.
Allah’ın yaşadıqları dövrün din əleyhdarı hökmdarının zülmündən qorunmaq üçün mağaraya sığınan bir qrup gəncdən bəhs etdiyi bu ədə onların uzun illər yatdıqdan sonra təkrar oyandırıldıqları izah edilir. Ayələr belədir:
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 10-11)
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də) dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!" (Kəhf surəsi, 18-19)
Quranda gənclərin mağarada neçə il qaldıqları tam olaraq bildirilmir. Bunun üçün illərlə təbiri istifadə edilir ki, müddətin çox qısa olmadığı buradan aydın olur. Həmçinin qalma müddətiylə bağlı insanların təxmini də olduqca uzun bir müddət olan 309 ildir:
Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”. (Kəhf surəsi, 25-26)
Əlbəttə burada vacib olan müddətin qısa və ya uzun olması deyil. Üzərində dayandığımız mövzu Allah’ın bəzi insanları dünyadakı bildiyimiz həyatdan yatırtmaq və ya canlarını almaqla uzaqlaşdırdıqdan sonra onları təkrar canlandırmasıdır. Eynilə yuxudan oyanan insanlar kimi şəxsləri təkrar həyata qaytarmasıdır. Hz. İsa da bu insanlardan biridir və zamanı gəldikdə təkrar dünyada yaşayacaq, vəzifəsini yerinə yetirdikdən sonra "(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”.." (Əraf surəsi, 25) ayəsinin hökmü gərəyi hər insan kimi dünyada öləcək.
İzlənmə sayı: 2095
© 2017 - Bu sayt Harun Yəhya (Adnan Oktar) əsərlərindən faydalanılaraq hazırlanmışdır. - Bu saytdakı bütün materialı saytı qaynaq göstərərək kopyalaya və çoxalda bilərsiniz