Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

Kitabın bu hissəsindəki məqsəd hz. İsanın keçmişdəki həyatına və yenidən yer üzünə qayıdacağı ilə bağlı bütün detalları ən etibarlı mənbədən verməkdir. Bu mənbə əlbəttə ki, heç bir dəyişikliyə uğramamış və Allahın "...Onun sözlərini dəyişdirə biləcək yoxdur..." (Ənam surəsi, 115) şəklində ifadə etdiyi Qurandır. Hər mövzuda həqiqətə dair qəti məlumat əldə edə biləcəyimiz tək kitab yalnız Qurandır. Və doğumundan Allah Qatına yüksəlişinə, yer üzünə təkrar gəlişindən gerçək ölümünə qədər hz. İsanın həyatının bir çox mərhələsi Quranda açıqlanmışdır.

Hz. İsa bundan təxminən 2000 il əvvəl yaşamış, Allahın dünyada və axirətdə seçdiyi bir elçisidir. Onun gətirmiş olduğu haqq din bu gün adla yer üzündə olsa da, əslində bir çox degenerasiyaya uğramış və əslindən uzaqlaşdırılmışdır. Allahdan vəhy yoluyla aldığı haqq kitab da eyni şəkildə adla mövcuddur, ancaq əsli ortada yoxdur. Xristian qaynaqları təhrif edilmişdir. Başqa sözlə, bu gün hz. İsa ilə bağlı əsl məlumatları bu qaynaqlardan əldə etməmiz mümkün deyil.

Hz. İsa haqqında ən doğru məlumata çata biləcəyimiz yeganə mənbə Allahın qiyamətə qədər qoruyacağını vəd etdiyi Qurandır. Quranda hz. İsanın doğumu, həyatı, həyatı boyu qarşılaşdığı hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hətta hz. İsanın dünyaya gəlişindən əvvəl anası hz. Məryəmin necə bir həyatı olduğu, necə möcüzəvi şəkildə hamilə qaldığı, necə doğum etdiyi və bu vəziyyət qarşısında hansı reaksiyalara məruz qaldığı kimi bir çox mövzu da yenə ayələrlə bildirilmişdir. Bundan əlavə, Allah hz. İsanın axırzamanda ikinci dəfə dünyaya gələcəyini xəbər vermişdir. Bu hissədə hz. İsa haqqında Qurandakı məlumatları xatırladacağıq.

Hz. Məryəmin doğumu və böyüməsi

Hz. İsanı dünyaya gətirmək üçün seçilmiş olan hz. Məryəm qarışıqlıqların hökm sürdüyü və yəhudilərin bütün ümidlərini Məsih (Qurtarıcı)ın gəlişinə bağladıqları bir dövrdə dünyaya gəlmişdi. Allah hz. Məryəmi bu müqəddəs vəzifə üçün xüsusi olaraq seçmiş və yetişdirmişdi. Hz. Məryəm Allah’ın aləmlər üzərinə seçib üstün etdiyi bir soydan, İmran ailəsindən gəlirdi.

İmran ailəsi Allah’a qüvvətli şəkildə iman edən, hər işlərində ONA yönələn və Onun qoyduğu sərhədləri qoruyan, ətraflarında da bu xüsusiyyətləriylə tanınan bir ailə idi. İmranın arvadı hz. Məryəmə hamilə qaldığını öyrəndiyi zaman dərhal Allah’a yönəlib dua etmiş və doğacağı uşağı Allah’a həsr etmişdi. Bu mövzu Quranda belə bildirilir:

Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorumağı) Sənə həvalə edirəm" (Ali İmran surəsi, 35-36)

Hz. Məryəm dünyaya gəldikdə, İmranın arvadının rəftarı yenə Allah’ı razı etməyə meyilli oldu. Həm hz. Məryəmi, həm də onun nəslini şeytanın şərindən qoruması üçün Allah’a yönəldi. Allah İmranın arvadının özünə qarşı bu səmimi yönəlişini qəbul etdi və duasına qarşılıq olaraq, dünyaya gətirdiyi uşağı çox üstün bir əxlaq ilə əxlaqlandırdı. Quranda Hz. Məryəmin Allah’ın qoruması altında nə qədər diqqətlə və incəliklə yetişdirildiyinə "Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi...." (Ali İmran surəsi, 37) ayəsi ilə xüsusi olaraq diqqət çəkilmişdir.

Hz. Zəkəriyya hz. Məryəmə verdiyi təhsil əsnasında onun digər insanlardan daha üstün olaraq yaradılmış olduğunu anlamışdı. Çünki Allah hz. Məryəmə Öz fəzlindən bir çox nemət vermişdi. Quranda bu mövzu belə izah edilmişdir:

... Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”. (Ali İmran surəsi, 37)

Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi, bu ailəyə mənsub olan hz. Məryəmi də seçmiş, xüsusi bir təlim verərək paklaşdırmış və onu bütün aləmlərin qadınlarından üstün etmişdir. Quranda onun bu üstünlüyü belə bildirilir:

"Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”" (Ali İmran surəsi, 42-43)

Hz. Məryəm yaşadığı cəmiyyət içərisində, həm ailəsinin, həm də özünün Allah’a qarşı olan bağlılığı və səmimiyyətiylə tanınan bir adam olmuşdu. Ən yaxşı bilinən xüsusiyyəti isə "ismətini qorumuş olması", yəni iffəti idi. Bu mövzu Təhrim surəsində bu şəkildə xəbər verilir:

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

Hz. İsanin atasız dünyaya gəlməsi

Hz. İsa ilə bağlı ən böyük möcüzələrdən biri hz. Məryəmin ona hamilə qalma şəklidir. Quranda bu mövzuyla bağlı bir çox detal verilir. “Məryəm” surəsində Cəbrayılın hz. Məryəmə görünməsi bu şəkildə bildirilir:

Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm surəsi, 16-17)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hz. Məryəm şərq tərəfdə bir yerə çəkilmiş və həyatının bir hissəsini burada keçirmişdir. Cəbrayıl ona bu dövrdə normal bir insan şəklində görünmüşdür. Ayələrdə diqqət çəkilən başqa bir əhəmiyyətli mövzu isə hz. Məryəmin iffətli rəftarı və güclü Allah qorxusudur. Hz. Məryəmin Cəbrayılı gördükdə söylədiyi ilk sözlər bu şəkildədir:

(Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”. (Məryəm surəsi, 18)

Cəbrayıl hz. Məryəmə özünü tanıtmış və yalnız Allah’ın vəzifələndirdiyi bir elçi olduğunu və ona Allah’dan bir müjdə ilə gəldiyini bildirmişdir. Ayələrdə Cəbrayılın verdiyi cavab bu şəkildə bildirilir:

(Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 19)

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır." (Ali İmran surəsi, 45)

Bu vacib müjdəni alan hz. Məryəm özünə başqa bir insan toxunmadığı halda necə bir uşağı ola biləcəyini anlamaq üçün Cəbrayıla bu sualı vermişdir:

(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”. (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 20- 22)

(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali İmran surəsi, 47)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Cəbrayıl hz. Məryəmə hamilə qaldığını müjdələmiş və "Allah’ın ol deməsiylə bunun dərhal olacağını" xəbər vermişdir. Hz. Məryəmə heç bir insan əli dəyməmişdir, yəni hz. İsa dünya həyatındakı səbəblərdən müstəqil olaraq bir atası olmadan dünyaya gəlmişdir. Bu, hz. İsanın bütün həyatı boyu yaşadığı və dünyaya ikinci dəfə gəlişiylə yaşayacağı möcüzələrdən yalnız biridir.

Cəbrayılın hamilə qaldığını müjdələməsindən sonra hz. Məryəm kimsəsiz bir yerə çəkilmişdir. Allah bu dövrdə də hz. Məryəmi hər yöndən dəstəkləmiş, Öz himayəsi altına almışdır. Bir insanın hamiləlik dövrü boyu həm psixoloji, həm də fiziki baxımdan ehtiyacı ola biləcək hər cür dəstək və imkanı Allah onun üçün yaratmışdır. Onu kimsəsiz bir bölgəyə yerləşdirərək, bu vəziyyəti qavraya bilməyəcək insanların maddi və mənəvi baxımdan verə biləcəkləri hər cür narahatlığı da önləmişdir.

Hz. İsanın Allah qatından bir kəlmə olması

Allah Quranda hz. İsanın doğumundan ölümünə qədər hər mövzuda digər insanlardan böyük fərqliliklər göstərdiyinə diqqət çəkmişdir. Hər şeydən əvvəl hz. İsa bilinən səbəblərin xaricində bir yaradılışla doğulmuş və atasız olaraq dünyaya gəlmişdir. Allah o doğulmadan əvvəl bir çox xüsusiyyətini və insanlar üçün bir Məsih olaraq göndərildiyini mələkləri vasitəsilə anası hz. Məryəmə bildirmişdir. Hz. İsanın bu seçmə xüsusiyyətlərindən biri "Allah’ın bir kəlməsi" olmasıdır.

... Məryəm oğlu Məsih İsa ancaq Allah’ın elçisi və sözüdür. Onu (OL sözünü) Məryəmə yönəltmişdir və Ondan bir ruhdur.... (Nisa surəsi, 171)

 O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali İmran surəsi, 45)

Quranda "Allah’ın kəlməsi" ifadəsi yalnız hz. İsa üçün istifadə edilmişdir. Allah hz. İsa hələ dünyaya gəlmədən onun adını bildirmişdir. Normalda insanlara adlarını ailələri verir. Amma hz. İsanın vəziyyəti fərqlidir; Allah Özündən bir kəlmə olaraq hz. İsaya "İsa Məsih" adını vermişdir. Bu, hz. İsanın digər insanlardan daha fərqli bir yaradılışla yaradıldığının ən açıq ifadələrindən biridir.

Necə ki, doğumu kimi, həyatı boyu göstərdiyi möcüzələr və ölmədən Allah Qatına yüksəlişi də onun bu fərqliliyini ortaya qoyur.

Hz. İsanın doğumu

Bilindiyi kimi, doğum, həm çox çətin, həm də çox yaxşı baxım tələb edən bir hadisədir. Tibbi baxım imkanı, təcrübəli bir köməkçisi olmayan adamın belə həyati bir hadisədə tək başına müvəffəqiyyətli ola bilməsi çox çətindir. Ancaq bu mövzuda heç bir təcrübəsi olmayan hz. Məryəm Allah’a olan bağlılığı və etibarı ilə bu çətin işi tək başına bacara bilmişdir.

Hz. Məryəm artan doğum sancıları içərisində ikən, Allah ona vəhy ilə kömək etmişdir. Rəbbimiz bu çətin vəziyyətdə etməsi lazım olan hər şeyi ona bildirərək ən asan şəkildə və ən yaxşı şərtlər altında doğumunu reallaşdırmasını təmin etmişdir. Bu da hz. Məryəmə Allah Qatından verilmiş böyük bir nemətdir.

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” (Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən ər-Rəhmana oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”». (Məryəm surəsi, 23-26)

Hz. İsanın beşikdə ikən danışması

İsmətini qoruyan (Məryəm); Biz ona Öz ruhumuzdan üflədik, onu və övladını insanlığa bir ayə etdik. (Ənbiya surəsi, 91)

Allah’ın hz. Məryəmin qövmünə imtahan etdiyi hadisələrdən biri hz. İsanın doğumudur. Allah’ın insanların vərdiş etmədiyi bir şəkildə reallaşdırdığı bu doğum, həm qövmü üçün, həm də hz. Məryəm üçün bir imtahan mövzusu olmuşdur. Əslində hz. İsanın dünyaya gəlmə şəkli Allah’ın insanları imana çağırmaq üçün onlara göstərdiyi bir möcüzədir və Allah’ın varlığının ən açıq dəlillərindən biridir. Ancaq qövmü bu vəziyyəti anlaya bilməmiş və hz. Məryəm haqqında həqiqətə uyğun olmayan bəzi zənnlər etmişlər. Bu mövzu Quranda belə xəbər verilir:

(Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”." (Məryəm surəsi, 27-28)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hz. Məryəm daha əvvəl çəkilmiş olduğu kimsəsiz bölgədən hz. İsa ilə birlikdə qövmünün yanına gəldikdə özünə heç bir açıqlama fürsəti verilməmişdi. Qövmü yalnız zənn və təxminlə hz. Məryəmin heyrətləndirici və utanc verici bir iş gördüyünü söyləyərək, ona bəzi çirkin böhtanlar da atdılar. Halbuki, bu böhtanları atan qövmün fərdləri hz. Məryəmi doğulduğu gündən bəri tanıyır və həm onun, həm də İmran ailəsinin nə qədər Allah’a bağlı və dindar insanlar olduqlarını çox yaxşı bilirdilər.

Hz. Məryəm isə əslində bu çirkin günahlandırma və böhtanlar ilə sınanırdı. Allah’a çox bağlı və iffətinə çox düşkün bir insanın belə bir işə əsla yanaşmayacağı aydındır. Ancaq bu həssaslığına baxmayaraq, özünə pis bir iş görmüş gözüylə baxılması onun üçün Allah’ın yaratdığı bir imtahan idi. Allah doğulduğu andan etibarən ona hər zaman hər işində kömək etmiş və hər işini xeyirə çıxarmışdı. Hz. Məryəm isə hər işin Allah’ın iradəsində olduğunu heç unutmaması lazım olduğunu və bu əsassız böhtanlardan onu yenə Allah’ın qurtarıb təmizə çıxaracağını bilirdi.

Necə ki, Allah bu işində də hz. Məryəmə bir asanlıq təmin etmiş və ona "susmaq orucu" tutmasını vəhy etmişdi. Qövmü onunla danışmaq istədikdə Allah hz. Məryəmə susmasını və ona yanaşıb günahlandıranlara hz. İsanı işarə etməsini bildirdi. Beləcə hz. Məryəm Allah’dan bir asanlıq olaraq ona çətinlik verilməsinə səbəb ola biləcək bir danışmadan uzaq tutulmuş olurdu. Qövmündən gələn sualları ən doğru şəkildə cavablandıra biləcək olan adam hz. İsa idi. Allah hz. Məryəmə hz. İsanın doğumunu müjdələdiyi zaman, onun hələ beşikdəki bir körpə ikən belə danışacağını da bildirmişdi:

Beşikdə də, yetkinliyində də insanlarla danışacaq. Və O salehlərdəndir. (Ali İmran surəsi, 46)

Allah bu şəkildə hz. Məryəmin işini çox asanlaşdırmış və qövmünün gözlədiyi ən doğru şərhi də hz. İsanın ağzından etdirmişdi. Allah’ın belə bir möcüzə mühiti yaratmasıyla qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də pozulmuş olurdu. Bu hadisə Quranda belə xəbər verilir:

(Məryəm) ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” (Körpə) (dil) (açıb) dedi: “Həqiqətən də, mən Allah’ın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”" (Məryəm surəsi, 29-33)

Şübhəsiz, beşikdəki bir uşağın qüsursuzca danışa bilməsi çox böyük bir möcüzədir. Üstəlik hz. İsanın doğulan kimi, bir uşağın əsla bilməyəcəyi məlumatları bilməsi də heyrətləndiricidir. Bu vəziyyət İsrail oğullarına fövqəladə bir həqiqətlə qarşı-qarşıya olduqlarını açıq-aşkar sübut etmişdir. Bütün bu möcüzəvi hadisələr hələ beşikdəki bu uşağın Allah’ın elçisi olduğunu ortaya qoymuşdur.

 Allah Özünə yönəlib qarşılaşdığı hər hadisəni təvəkküllə qarşılamasına görə hz. Məryəmə bir asanlıq təmin etmişdir. Bütün qövmü heyrətə salacaq böyük bir möcüzə göstərərək, qövmünün ona atmağa cəhd etdiyi böhtanlara qəti bir cavab vermişdir. Ancaq Allah özlərinə göstərilən bu möcüzəvi hadisəyə baxmayaraq, hələ hz. Məryəmə böhtan atmağı davam etdirənlərə də böyük bir əzab olduğunu bildirmişdir:

Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) (Nisa surəsi, 156-157)

Hz. İsanın göstərdiyi möcüzələr

Hz. İsanın Quranda bəhsi keçən çox müxtəlif möcüzələrindən ilki onun dünyəvi səbəblər xaricində atasız olaraq dünyaya gəlmiş olması, daha sonra isə beşikdə danışaraq peyğəmbərliyini bildirməsidir. Əslində bu iki möcüzə hz. İsanın qeyriadiliyini çox açıq bir şəkildə sübut edirdi. Çünki beşikdəki bir körpənin iman gətirmiş olaraq doğulması və doğulan kimi çox ağıllı bir məntiqlə danışa bilməsi ancaq Allah’dan bir möcüzə ilə mümkündür:

Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. Mən səni Ruhul-Quddüs ilə dəstəklədim, beşikdə ikən də, yetkin ikən də insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim..." (Maidə surəsi, 110)

Yenə Quranda hz. İsa ilə bağlı olaraq izah edilən möcüzələr bu şəkildədir:

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah’ın izni ilə quş olar. Allah’ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali İmran surəsi, 49)

Bu ana qədər bəhs edilən bütün bu fövqəladə hadisələrə baxmayaraq, qövmün bir hissəsi inkarlarını davam etdirmişlər. Hz. İsanın etdiklərinin sehirlənmiş cadulardan başqa bir şey olmadığını söyləyərək, onu sehirbazlıqla ittiham etmişlər.

Hz. İsanın dini təbliğ etməsi və qarşılaşdığı çətinliklər

Hz. İsanın göndərildiyi dövr İsrail oğullarının həm siyasi, həm iqtisadi, həm də ictimai baxımdan çıxılmaz vəziyyət içərisində olduqları bir dövr idi. Bir tərəfdən yaşadıqları ölkənin mərhəmətsiz rəhbərliyi, bir tərəfdən də müxtəlif inanc və məzhəb ayrılıqları... Belə çətin bir qarışıqlıq mühitində insanlar hər dövrdə olduğu kimi bir qurtuluş yolu tapmağa çalışırdılar.

Gözlənilən bu qurtarıcı hz. İsa idi. Allah ONU və anası hz. Məryəmi bütün İsrail oğullarına tanıtmaq üçün hz. İsanı hələ beşikdə ikən danışdırmış və beləcə gözlənilən peyğəmbərin gəldiyini bütün İsrail oğullarına bildirmişdi. Artıq hər kəs onu bir qurtuluş ümidi olaraq görürdü.

Ancaq əlbəttə hz. İsaya reaksiya verənlər də vardı. Öz dövründəki inkarçı sistemin müdafiəçiləri onu özləri üçün təhlükəli görürdülər. Bu səbəblə, hz. İsanın varlığını duyan kimi hərəkətə keçmiş və onu öldürmək üçün planlar qurmuşdular. Bu cəhdləri hələ ilk başdan müvəffəqiyyətsizliklə nəticələnmişdir; ancaq bu məqsədi reallaşdırmaqdan heç bir zaman imtina etməmiş və hz. İsanın təbliği boyu onun ən güclü düşmənlərindən biri olmuşlar.

Hz. İsaya reaksiya verənlər yalnız inkarçılarla məhdud deyildi. Hz. İsa dini təbliğ etməyə başladıqdan sonra o dövrün yəhudi dindarlarının bir çoxu  müxtəlif səbəblərlə ona qarşı çıxmışdılar. Bunun ən mühüm səbəblərindən biri isə hz. İsanın onları dinin əslini yaşamağa çağırmasıdır. Necə ki, hz. İsa təbliğinə başlayan kimi, onu dinlərini ortadan qaldırmağa çalışmaqla günahlandırmışlar. Halbuki, hz. İsanın əsl qarşı olduğu yəhudi ruhanilər sinfinin dinə sonradan gətirmiş olduğu saxta hökmlərdir. İsrail oğulları özlərinə haram qılınan bəzi şeyləri halal, halal qılınan bəzi şeyləri də haram edərək, haqq dinlərini tamamilə dəyişdirmişlər. Və Allah dinə gətirdikləri bu hökmləri təmizləyib, dinlərini təmizləməsi üçün peyğəmbər olaraq onlara hz. İsanı göndərmişdir. O da qövmünü Tövratın əslini təsdiqləyən İncilə təslim olmağa çağırmışdır.

Allah bu mövzunu Quranda belə bildirmişdir:

"Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah’dan qorxun və mənə itaət edin." (Ali İmran surəsi, 50)

Allah başqa bir ayədə hz. İsanın gətirdiyi müqəddəs kitab olan İncilin özündən əvvəl endirilən Tövratı təsdiqləyən və inanan insanlar üçün bir yol göstərici, doğrunu yanlışdan ayırmalarına kömək olan bir kitab olduğunu da ifadə etmişdir.

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Yəhudi öndə gələnləri hz. İsanın izah etdiyi mövzulara olduqca laqeyd yanaşırdılar. Çünki hz. İsa ənənə halına gəlmiş qaydalar üzərində dayanmır, onları Allah’ın birliyinə, səmimiyyətə, qardaşlığa və dürüstlüyə çağırırdı. Bu səbəbdən, vərdiş etdiklərindən çox fərqli bir din anlayışı ilə qarşılaşan yəhudi xalqı hz. İsanın təbliği qarşısında olduqca təəccüblənmişdi. Quranda hz. İsanın qövmünə etdiyi təbliğ belə bildirilmişdir:

İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allah’dan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Zuxruf surəsi, 63-65)

Hz. İsanın dinə yanaşmasındakı bu fərqlilik və səmimiyyət insanların diqqətini çəkir və onu dinləyənlərin sayı da gün keçdikcə artırdı. Hz. İsa onlara gözlədikləri qurtuluşun çox yaxınlaşdığını və yaxında qalib gələcəklərini söyləyirdi.

Yəhudilərin hz. İsanı öldürdüklərini iddia etmələri

Romalıların hz. İsanı çarmıxa çəkərək öldürdükləri iddiasını bilməyən yoxdur. İddiaya görə, hz. İsanı həbs edən romalılar və yəhudi dindarları onu çarmıxa çəkmişlər və beləliklə onu öldürmüşlər. Necə ki, bütün xristian aləmi də hadisəni bu şəkildə qəbul edir, lakin hz. İsanın öldükdən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Qurana baxdıqda hadisənin əslinin belə olmadığını görürük:

Və: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” (katelna)– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər (ma katelehu), nə də çarmıxa çəkdilər (ma sələbə). Onlara ancaq (İsanın) bənzəri göstərildi (şubbihe). Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

Həmin ayənin davamında hz. İsanın ölümü bu şəkildə bildirilir:

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)

Ayənin bizə bildirdiyi həqiqət aydındır. Yəhudilərin təsiri ilə hz. İsanı öldürməyə cəhd edən romalılar bunda müvəffəqiyyətli ola bilməmişlər. Ayədə keçən "amma onlara (onun) bənzəri göstərildi" ifadəsi bu hadisəni aydınlaşdırır. Hz. İsa öldürülməmiş və Allah Qatına yüksəldilmişdir. Həmçinin Allah bu iddiada olanların həqiqətə dair bir məlumatları olmadığına da diqqət çəkir.

İzlənmə sayı: 12461